İ.S. Məhərrəmzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
TƏHSİLİN HUMANİSTLƏŞDİRİLMƏSİ ANLAYIŞININ MAHİYYƏTİ VƏ MƏZMUNU
Açar sözlər: Təhsil, təhsili idarəetmə, humanizm, insan
Key words: Education, education management, humanizm, human
Ключевые слова:Образование, управление образования, гуманизм, человек
Humanizm və humanistlik dedikdə insanpərvərlik, insansevərlik, mərhəmətlilik, rəhmdillik, sədaqət, alicənablıq, insaf, ədalət, mürvət, xeyirxahlıq, insaniyyət və s. kimi anlayışlar başa düşülür. Tarixi dövrlərə nəzər saldıqda sosializm prinsiplərinə görə humanizmə daha çox əhəmiyyət verilməsi, kapitalizimdə isə demokratik vətəndaş cəmiyyəti yaranana qədər humanizmin önünə keçən maddi dəyərlərin üstünlük təşkil etdiyi bir cəmiyyəti müşahidə edirdik. Təəssüf ki, terror, qəza, oğurluq, zorakılıq və s. kimi insan həyatına zərər verə biləcək, insanın inkişafının önünə keçə biləcək cinayətlərin olduğu bir cəmiyyətdə humanizm prinsipinin aparıcı mövqedə olmadığını görürük. İllər boyu humanizmin insanlara aşılanmasının ən böyük yolu təhsildən və tərbiyədən keçib. Əslində humanizm anlayışının tarixi kökləri çox dərindir. Bütün dini sistemlərdə insana sevgi, şəfqət, mərhəmət kimi hisslər həmişə ön plana çəkilib. Hələ XII əsrdə Nizami öz əsərlərində humanizmə və demokratizmə önəm vermiş, elmi, incəsənəti, dostluğu, xeyirxahlığı, əməyi yüksək qiymətləndirmişdir.